Peşə hazırlığının təşkilinə daha 8 yeni müəssisə cəlb edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Dövlət-özəl əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələri Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Dövlət Məşğulluq Agentliyinin, Sosial Dəstək Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Sahibkarlar Təşkilatları Mili Konfederasiyasının nümayəndələri iştirak edib.
Peşə hazırlığının təşkili üçün müraciət edən 8 yeni müəssisənin (“Vision Academy”, “Zəfəroğlu Tədris Mərkəzi”, “Start İT”, “Handex”, “Deutsches Bildungszentrum - Alman Təhsil Mərkəzi”, “HR Option”, “Dadashsoy Group”, “Baku City Academy” MMC) müraciətlərinə baxılıb, həmçinin komissiya üzvlərinə müəssisələrdə tədris olunacaq peşə və ixtisaslar, eləcə də peşə hazırlığının təşkili üçün müəyyən olunmuş inzibati bina, maddi-texniki baza, pedaqoji heyət, təlim-tədris prosesi və işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi haqqında məlumat verilib.
Qiymətləndirmə Komissiyası tərəfindən qeyd olunan müəssisələrlə qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun hesab edilib.