Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır
Bakı, 13 aprel, AZƏRTAC
İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaq. Müraciətlərin qeydiyyatı aprelin 14-dən 21-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçiriləcək. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.
Müsabiqə elektron ərizə qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqları ümumi meyar olaraq qiymətləndiriləcək.
Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslər vakant vəzifələrə müraciət edə bilərlər.
Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə: ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildən az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı;
Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı;
İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə.