“Peşə təhsilində inklüziv pedaqogika” mövzusunda təlim təşkil olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində “Peşə təhsilində inklüziv pedaqogika” mövzusunda əlilliyi olan şəxslərə təhsil verilməsi üzrə pedaqoji təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı, Gəncə, Şəki, Cəlilabad və Lənkəranda yerləşən peşə təhsil müəssisələrində işləyən müəllimlər, istehsalat təlimi ustaları üçün ölkədə ilk dəfə olaraq peşə təhsilində inklüziv pedaqogika üzrə müvafiq təlimlər keçirilir.
Təlim “İnklüziv pedaqogikaya giriş: Şagird mərkəzli pedaqogika”, “İnklüziv pedaqogikaya giriş: Öyrənmək üçün universal tərtibat”, “İnklüziv pedaqogikaya giriş: Əsas sinif strategiyaları”, “Müəllimlər və tələbələr üçün əlillik haqqında məlumatlandırma alətlərinin istifadəsinə giriş”, “Stereotipləri və etiketləri anlamaq”, “Əlilliyə dair yanlış təsəvvürləri aydınlaşdırmaq” mövzularını əhatə edir.
İnklüziv təhsil sahəsi üzrə uzunmüddətli təcrübəyə malik xarici ekspert Peter Grimes tərəfindən aparılan təlimin ilk günündə iştirakçılara inklüziv təhsil haqqında geniş məlumat verilib. Texniki peşə təhsili səviyyəsində inklüziv təhsildən, əlillikdən, əlliliyin növlərindən, inklüzivlik qarşısında duran maneələrdən, inklüziv dəyərlərdən bəhs olunub.
Peter Grimes AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq 4 ildir Azərbaycanda fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti inklüziv təhsili təhsilin bütün pillələri üzrə təqdim etmək, eyni zamanda, tətbiqinə kömək etməkdir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan inklüziv təhsillə bağlı beynəlxalq öhdəliklərini icra edə bilsin. O vurğulayıb ki, son 4-5 ildə Azərbaycanda inklüziv təhsil sahəsində xeyli iş görülüb. Əlilliyi olan uşaqların adi uşaqlarla bir yerdə təhsil alması, öyrənməsi daha da yaxşılaşdırılıb. Peşə məktəblərində işləyən müəllimlər, istehsalat təlimi ustaları üçün təşkil olunan bu təlim Azərbaycanda inklüziv təhsillə bağlı görülən işlərin davamıdır. Texniki peşə təhsili sahəsindəki təlimlər əlliliyi olan gənclərin əmək bazarına daxil olmasını asanlaşdıracaq.
Təlim iştirakçısı Lənkəran Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aysel Hüseynova diqqətə çatdırıb ki, təlimlər sayəsində inklüziv təhsilin peşə təhsili səviyyəsində tətbiq olunması ilə bağlı yeni biliklər qazanıb, inklüziv təhsilin əlçatanlığını təmin etmək haqqında məlumatlar əldə edib.
Pedaqoji təlim noyabrın 4-dək davam edəcək.