CƏMİYYƏT
“PETKİM” NEFT-KİMYA KOMPLEKSİNİN RƏHBƏRLİYİ ANKARADA İFTAR SÜFRƏSİ AÇMIŞDIR
Bakı, 24 avqust (AZƏRTAC). “Petkim” neft-kimya kompleksinin rəhbərliyi hər il olduğu kimi, bu müqəddəs Ramazan ayında da ənənəvi iftar süfrəsi təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ankaranın “Küçükəsət Göysu Restoranı”nda keçirilən iftar süfrəsində siyasət, biznes, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişlər. İftar süfrəsinə “SOCAR-TURCAS” birgə müəssisəsinin icraçı direktoru, “Petkim” İdarə Heyətinin üzvü Kənan Yavuz ilə “Petkim”in baş müdiri Həyati Öztürk ev sahibliyi etmişlər. Kənan Yavuz qonaqları səmimi salamlayaraq iftar süfrəsinə göstərilən diqqət və marağı təmsil etdiyi quruma, bütövlükdə Türkiyənin gələcəyinə münasibət kimi qiymətləndirmiş, rəsmi qurumların “SOCAR-TURCAS” birgə müəssisəsinin fəaliyyətinə verdiyi dəstəyi yüksək dəyərləndirdirmişdir. Türkiyənin ən iri neft-kimya kompleksinə yatırılan sərmayənin ildən-ilə artdığını diqqətə çatdıran K. Yavuz bu istiqamətdə görülən işlərin ölkənin rəsmi dairələri tərəfindən məmnunluqla qarşılandığını xüsusi vurğulamışdır.