Pınar Tuncel: Azərbaycan gələcəkdə yaşıl enerji sahəsində də ön sıralarda yer alacaq
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan uzun illərdir qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı enerji təchizatçısıdır. Formalaşmış texniki bilik, güclü infrastruktur, beynəlxalq əməkdaşlıq və investisiya təcrübəsi bu gün bərpaolunan enerji sahəsində atılan addımlar üçün mühüm üstünlük yaradır. Çünki enerji transformasiyası yalnız yeni texnologiyalara sərmayə deyil, həm də strateji baxış və uzunmüddətli planlaşdırma tələb edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin “Pakka Solar Care” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO), bərpaolunan enerji üzrə ekspert Pınar Tuncel deyib.
Ekspertin sözlərinə görə, dünyada enerji təhlükəsizliyi ilə karbon emissiyalarının azaldılması arasında balansın qorunmasının ön plana çıxdığı bir dövrdə Azərbaycan da mövcud enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, günəş və külək enerjisi başda olmaqla bərpaolunan enerji sahəsinə investisiyaları artırır. Bu yanaşma ölkənin beynəlxalq enerji siyasətində rolunu yeni mərhələyə çıxarır və deməyə əsas verir ki, Azərbaycan gələcəkdə təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji sahəsində və regional enerji əməkdaşlığında ön sıralarda yer alacaq.
“Enerji sektorunda uzun illər fəaliyyət göstərən mütəxəssis kimi inanıram ki, gələcəyin güclü dövlətləri müxtəlif enerji mənbələrini düzgün tarazlıqla idarə edən, texnologiyadan səmərəli faydalanan və dayanıqlı inkişafı strateji prioritetə çevirən ölkələr olacaq. Azərbaycan da bu istiqamətdə mühüm potensiala malikdir”, - deyə o əlavə edib.
Müsahibənin tam variantı tezliklə yayımlanacaq.