Pirallahı rayonunda karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulduğu kafe aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyənləşdirilib ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlığından istifadə edilir.
Sanitar-epidemioloji normalarını pozan 8 nəfər müvafiq polis şöbəsinə dəvət olunub və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Obyektin sahibi barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Sahibkarlıq subyektinin rəhbəri və xidmət heyəti zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.