PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edəcək
Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq və iki diplom əldə etmək istəyən abituriyentlər üçün Bakı Mühəndislik Universitetində (BMU) daha bir yeni akademik imkan yaradılıb. BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsinə 2026-2027-ci tədris ilindən etibarən tələbə qəbulu həyata keçiriləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, fakültədə tədris kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq. Tələbələr bu istiqamətlər üzrə müasir elmi biliklərə yiyələnməklə yanaşı, beynəlxalq təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Təhsil prosesi ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında təşkil olunacaq. Proqrama uyğun olaraq, tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Tədris proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.
Fakültədə tədris BMU və PKTU-nun yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək. Bu əməkdaşlıq tələbələrin hər iki universitetin akademik potensialından və qabaqcıl tədris təcrübəsindən faydalanmasına imkan verəcək.
Yeni yaradılan fakültə tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrində iştirakını, akademik mobillik proqramlarından yararlanmasını və innovativ texnologiyalar üzrə bilik və bacarıqlarını inkişaf etdirməsini dəstəkləyəcək. Eyni zamanda, fakültə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin elmi-tədqiqat, innovasiya və texnologiya transferi istiqamətlərində əməkdaşlığın dərinləşməsinə töhfə verməsi nəzərdə tutulur.
PKTU-BMU Mühəndislik fakültəsi beynəlxalq təhsil mühitində rəqabətqabiliyyətli, müasir mühəndislik kompetensiyalarına malik mütəxəssislərin hazırlanması baxımından mühüm platforma olacaq. Yeni akademik təşəbbüs tələbələrə qlobal təcrübədən yararlanmaq, gələcəyin texnologiyalarını mənimsəmək və beynəlxalq əmək bazarının tələblərinə uyğun peşəkar inkişaf imkanları qazandıracaq.