Polis Akademiyasının 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki videokonfrans keçirilib
Bakı, 27 may, AZƏRTAC
Yaradılmasının 100 illiyini bu ilin sentyabrında qeyd edəcək Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında silsilə tədbirlərə start verilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 26-da Polis Akademiyasında beynəlxalq elmi-praktiki videokonfrans keçirilib.
Konfransda respublikamızın xüsusi təyinatlı və digər təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Tacikistanın ali və xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri və 80-dən artıq tanınmış alim və mütəxəssis iştirak edib.
Konfransın açılış mərasimində Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov bütün iştirakçıları DİN-in rəhbərliyi adından salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, Akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin irsini layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Polis Akademiyasını üç dəfə ziyarət etməsi şəxsi heyət üçün böyük önəm daşıyır. Polis polkovniki C.Daanov, eyni zamanda, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun fiziki cəhətdən sağlam, intellektual səviyyəli, müasir tələblərə cavab verən peşəkar hüquqşünas kadrların hazırlanması kimi vacib vəzifəni Akademiya qarşısında qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.