Polis əməkdaşları Ağdaşda maarifləndirmə tədbiri keçiriblər
Bakı, 20 fevral, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şəmsabad kənd tam orta məktəbinin şagirdləri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında gənclərə məlumat verilib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən olan narkomaniyanın ağır fəsadlarından söz açıb, sağlam həyat tərzinin üstünlüklərini məktəblilərin diqqətinə çatdırıb.
Dini radikalizmin fəsadlarından da söz açan şöbə rəisi gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşmələrinin qarşısının alınması üçün belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Çıxış edənlər erkən nikahın yol açdığı problemlərdən danışıblar. Natiqlər erkən nikaha cəlb edilən qızların hüquqlarının pozulduğunu, eyni zamanda, təhsildən uzaq düşdüklərini vurğulayıb, bunun cəmiyyət üçün ciddi problemlərə yol açdığını bildiriblər.