Polis əməkdaşları Şamaxı rayonunda gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirir
Bakı, 11 oktyabr, AZƏRTAC
Koronavirus infeksiyasının geniş miqyasda yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar Şamaxıda gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri yoxlamalar zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkar olunub. Xüsusilə də sakinlərin daha çox üz tutduğu böyük super marketlərin girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi izah edilib. Qaydalara əməl etməyən şəxslər barəsində isə intizam tənbeh tədbiri görülüb.