Polis İsmayıllıda sərt karantin rejimi qaydalarına nəzarət edir
Bakı, 14 iyun, AZƏRTAC
Ölkəmizin bir neçə şəhər və rayonunda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur. Mərkəzlə yanaşı, məhəlləarası yollara da nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.
Qeyd edək ki, digər rayon sakinlərinin İsmayıllı rayonu ərazisindən keçərək getməsində məhdudiyyət yoxdur. Ancaq onların hər hansısa yaşayış məntəqəsinə girişinə icazə verilmir və qurulan postlarda həmin şəxslərin hərəkətinə nəzarət olunur.