Polislər Qubadlı və Cəbrayılda Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlayıblar VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qubadlı və Cəbrayıl Rayon Polis şöbələrinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3760 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.
Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.