Politoloq: Görülən işlər Azərbaycanın nailiyyətlərinin davamlı olacağını deməyə əsas verir
Bakı, 14 yanvar, AZƏRTAC
Ötən ilin ən ciddi siyasi uğurlarından biri də Azərbaycanın sabitlik məkanı kimi mövqelərini qoruyub saxlaması ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Fuad Babayev bildirib.
Politoloq qeyd edib ki, bu, böyük nailiyyətdir. Bu nailiyyət dövlət və hökumət başçılarının respublikamıza çoxsaylı səfərləri, Azərbaycanda keçirilən mötəbər tədbirlər, rəsmi Bakının istər qonşu dövlətlər, istərsə də Avropa İttifaqı və ya türkdilli dövlətlərlə dinamik inkişaf edən münasibətləri ilə möhkəmləndirilir.
Fuad Babayev vurğulayıb ki, dünya miqyaslı tədbirlərə Bakının ev sahibliyi etməsi üzərində xüsusi dayanmaq lazımdır. Azərbaycan Prezidenti öz çıxışında iki tədbirə diqqət çəkdi - Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşlərinə. Azərbaycan indi həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədridir, həm də Qoşulmama Hərəkatının. Qoşulmama Hərəkatının öz sıralarında 120 üzv ölkəni birləşdirməsini, bu təşkilatın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olmasını xüsusi qeyd etmək lazımdır. Sadalananlar Azərbaycanın ötən il əldə etdiyi siyasi uğurların yalnız bir hissəsidir. Görülən işlər Azərbaycanın nailiyyətlərinin davamlı olacağını deməyə əsas verir.