Politoloq: Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb
Bakı, 24 iyul, AZƏRTAC
Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Bu təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qruplar, dəstələr dayanırlar. Baş verənlər erməni diasporasının terror mahiyyətli bir təşkilat olduğunu bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O diqqətə çatdırıb ki, təxribat törədən qrupların başçıları var və onlar idarə olunurlar. Həmin başçıların, havadarların tapılıb aşkara çıxarılması və cəzalandırılması mütləqdir: “Düşünürəm ki, Azərbaycan hökuməti, diasporamız, Azərbaycan səfirliklərinin nümayəndələri bunu cavabsız qoymayacaq və onlara layiqli cavab veriləcək. Bununla bağlı ciddi işlər aparılır. Hesab edirəm ki, müxtəlif ölkələrdə vəkillər tutulmalıdır, istintaqa başlanılmalıdır, yəni ərizələr, şikayətlər əsasında istintaq getməlidir. Biz bilməliyik ki, bunların arxasında konkret kimlər dayanır, onların məqsədləri nədir. Mən yen də istisna etmirəm ki, ermənilərin bu əməllərinin Ermənistanın indiki iqtidarı ilə, rəsmi İrəvanla əlaqəsi var. Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb. Onlar bu hadisələri koordinasiya şəklində törədirlər”.
İlqar Vəlizadə Los-Anceles və Brüsseldəki dinc aksiyalar zamanı azərbaycanlılara qarşı erməni vandalizmini illər öncə türk səfirliklərinə, səfirlik nümayəndələrinə, iş adamlarına qarşı törədilən terror əllərinin davamı kimi qiymətləndirib: “Bizim Azərbaycan vətəndaşlarına qarşı son şahidi olduğumuz erməni vəhşiliyi illər öncə türklərə qarşı başqa cür, açıq terrorlar formasında törədilib. Yenə də erməni diasporunun əli ilə bu terrorlar həyata keçirilib. Səfirliklərə, səfirlik nümayəndələrinə qarşı, Türkiyənin iş adamlarına qarşı, yaxud da ki, qərbdə yaşayan siyasətçilərinə qarşı açıq terror əməlləri həyata keçiriblər. Bu, həmin o siyasətin, ənənənin başqa formada davamıdır. Dinc nümayişçilərə, adi insanlara qarşı belə terror əməlləri törədirlər. Bu, terrorun başqa formasıdır”.
Politoloq bildirib ki, ermənilər sərhəddə təxribat yaratmaqla azərbaycanlılara qarşı terror hərəkətlərinə yol verirlər. Hazırda sərhəddə ermənilər yenə terror törədirlər. İşğalçılar Azərbaycanın yaşayış məntəqələrini, dinc sakinlərini atəşə tuturlar. Son hadisələr onu göstərir ki, erməni diasporu və yaxud da erməni ideologiyasını həyata keçirən insanlar bunları terror yolu ilə etmək istəyirlər. Çünki bu, onların ənənəvi yoludur. Xaricdə soydaşlarımıza qarşı törədilən təxribat aktları bütün konvensiyaları və normaları, həmin o yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozan əməllərdir. Ermənilərin terror əməllərinə hüquq müstəvisində cavab verilməlidir.
Onun sözlərinə görə, müxtəlif mənbələrə əsaslanaraq demək mümkündür ki, xüsusilə Amerika Erməni Assambleyasının nümayəndələrinin Paşinyanın hakimiyyətə gətirilməsində rolu var. İndi bu adamlar, xüsusilə də ermənilərin qərb diasporu daha fəaldırlar. Paşinyan onların əlində onlara uyğun siyasəti həyata keçirən həm vasitə, həm də alətdir.
“Biz təəssüflər olsun ki, təkcə Azərbaycanda erməni təcavüzü ilə üz-üzə deyilik, eyni zamanda, dünyanın başqa-başqa ölkələrində də erməni terroru ilə qarşılaşırıq. Mütəşəkkil qaydada aparılan bir hərəkətə mütəşəkkil də cavab olmalıdır. Biz qardaş Türkiyə diasporu, digər dost diasporların köməkliyi ilə bu terrorun qarşısını almalıyıq", - deyə İlqar Vəlizadə fikirlərini yekunlaşdırıb.