Polşa bir neçə gündən sonra yeni prezidentini seçəcək
Varşava, 8 iyul, AZƏRTAC
Polşalılar prezident seçkilərinin son turunu gözləyirlər və ölkə tarixinin bu mühüm hadisəsinə dörd gün qalır. İyulun 12-də keçiriləcək prezident seçkilərinin ikinci turu çox vacibdir. 2015-ci ilin payızından bəri hakim “Qanun və Ədalət” (PiS) partiyası tərəfindən dəstəklənən hazırkı Prezident Andjey Dudanın qələbəsi radikal dövlət proqramını həyata keçirmək üçün heç bir ümumxalq seçkisi olmadan hökuməti üç illik müddətlə təmin edəcək.
Bu bazar günü Polşada prezident seçkilərinin ikinci turunda hazırkı rəhbər Andjey Duda ilə Varşavanın meri Rafal Tşaskovski qarşı-qarşıya gələcək. Bu seçkilər ölkə tarixində çox əhəmiyyətlidir və son 10 ildə ilk dəfədir ki, səsvermədə xalqın böyük əksəriyyəti iştirak edir.
Əvvəlcə seçkilər mayın 10-na təyin edilmişdi və namizədlərin heç biri 50 faizdən çox səs toplamasa, iki həftə sonra ikinci tur keçiriləcəkdi. Lakin məlum pandemiya səbəbindən seçkilərin ilk turu iyunun 28-də baş tutdu. Nisbətən yüksək reytinqlərini və Polşanın ən etibarlı siyasətçisi olduğunu nəzərə alaraq Andjey Duda favorit sayılırdı. Kampaniyada iştirak etmək üçün ona böyük siyasi sərmayə verən “Qanun və Ədalət” partiyası kiçik şəhərlər və Polşanın əyalətlərindəki əhali tərəfindən möhkəm dəstək görür. Dudanın əsas dəstəkçiləri Polşanın postkommunist transformasiyasında kifayət qədər iştirak etmədiklərindən məyus olan aztəminatlı ailələr və ev təsərrüfatları sahibləri, habelə yaşlılardır. Bunların sayı isə Polşada üstünlük təşkil edir. “Qanun və Ədalət” partiyası hakimiyyətdə olduğu bütün müddət ərzində onlar üçün son dərəcə xeyirli olan sosial xərclər və sosial təhlükəsizlik siyasəti həyata keçirib.
Millətçi və mühafizəkar Prezident Andjey Duda ikinci müddətə yerini qorumaq üçün inadla addımlayır, ancaq Varşavanın liberal meri Rafal Tşaskovski tərəfindən ciddi bir sınaqla qarşılaşıb. Seçkilərin ilk turunda daha 9 namizəd prezidentlik iddiasından əl çəkməli olmuşdu.
Andjey Duda öz kampaniyasını qatı konservator kimi apararaq ölkədə eynicinslilərə qarşı sərt mövqe tutmaqla davam etdirir. Bu baxımdan onun addımı Avropa İttifaqının bir sıra ölkələri tərəfindən də müsbət qarşılanmır. Rafal Tşaskovski isə ötən il tolerantlıq barədə deklarasiya imzalayaraq ölkənin əsas gücü olan katolik icması və eynicinslilərə qarşı olan kütlənin narazılığı ilə qarşılaşsa da, digər kəsimin rəğbətini qazanıb.
Duda LGBT-ni kommunizmdən daha təhlükəli ideologiya adlandıraraq rəsmi olaraq ölkə Konstitusiyasında eynicinsli cütlüklərin övlad sahibi olmalarını qadağan edən dəyişikliyə getmək istəyini bəyan edib. O və partiyası “Qanun və Ədalət”, həmçinin ailələrə nağd ödəmələr və digər sosial təminat proqramları ilə dəstək olaraq yaşlı və kəndlərdə yaşayan əhalidən tam dəstək alıb. Seçiciləri ilə son görüşdə Duda məhz buna işarə ilə “ötən beş il Polşa üçün çox yaxşı dövr idi və biz bu dövrdən xalqımızın rifahı naminə maksimum istifadə etmişik. Mən məhz bu siyasəti davam etdirmək əzmindəyəm”, - deyə bildirib. ABŞ-a son səfəri zamanı Prezident Donald Trampla görüşündə də Andjey Duda həmkarından tam dəstək alıb.
Polşa Prezidenti ölkənin xarici siyasətinin formalaşdırılmasında aparıcı rol oynayır. Hakimiyyətdə olduğu 5 il ərzində Andjey Duda “Qanun və Ədalət” partiyasına Polşanın ali məhkəmələrinə və əsas məhkəmə orqanlarına münasibətdə çox böyük yeni səlahiyyətlər verən qanunları təsdiqləyib. Avropa İttifaqı dəyişikliklərin hakimiyyət bölgüsünün demokratik prinsipini pozduğunu söyləsə də, hökumət geri addım atmayıb. Avropa tərəfdaşları ilə gərginlik, kömürdən asılı Polşanın Aİ-nin karbon neytrallaşdırma iddialı hədəflərini qəbul etməməsi və 2015-ci ildə Avropaya çox sayda gələn miqrantların qəbul edilməməsi ilə daha da ağırlaşmışdı. Lakin Avropa İttifaqının koronavirus pandemiyası zamanı Polşaya verdiyi dəstək, əslində, buzların əriməsinə işarədir.
Bu bazar əldə olunacaq nəticələr Polşanın son 5 ildəki siyasi kursla və ya yeni namizədin təmsil etdiyi “Vətəndaş platforması” partiyasının liberal siyasəti iləmi irəliləyəcəyini bəlli edəcək.
Xatırladaq ki, seçkilərin ilk mərhələsində Andjey Duda seçicilərin 43,5 faizinin səsini toplayıb. Onun əsas rəqibi Rafal Tşaskovski isə 30,5 faiz səslə ikincidir. Politoloqların hesablamalarına görə, Varşavanın meri seçkilərin ilk turundan çəkilən mərkəzçilərin də səsini toplaya bilər. Yəni, son nəticə sağçı namizəd Kşiştof Bosakın tərəfdarı olan 7 faiz seçicinin seçimindən asılı olacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava