POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, martın 30-da Polşa Respublikasının Prezidenti Lex Kaçinski Azərbaycana ikigünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Polşanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa dövlətinin başçısını və xanımını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Polşa Prezidentinə və xanımına gül dəstəsi təqdim etdilər.
Prezident Lex Kaçinski və Baş nazir Artur Rasizadə hava limanının ali qonaqlar üçün salonunda qısa protokol söhbəti keçirdilər.