İDMAN
Portuqaliyalı jurnalist: “Qarabağ” “Braqa”nı məğlub edə bilər - MÜSAHİBƏ
Bakı, 25 dekabr, AZƏRTAC
Portuqaliyanın “A Bola” nəşrinin jurnalisti Paskoal Souza Avropa Liqasında “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək pley-off oyunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya rəqib olmasını Portuqaliyada necə qarşıladılar?
- Heç kim oyunun "Braqa" üçün asan olacağını gözləmir. Azərbaycan təmsilçisinin Avropa təcrübəsi, yaxşı legionerləri var. Bir nüans da maraqlıdır ki, rəqib oyunlarını 3 stadionunda (Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, “Azersun Arena”) keçirir.
- Komandaların növbəti mərhələ şanslarını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, "Braqa" cütün favoritidir. Bu mövsüm Çempionlar Liqasında "Real Madrid" və "Napoli" kimi güclü klublara yer aldığı çətin qrupda oynasalar da, yaxşı mübarizə apardılar. Heyətində Avropa çempionu olmuş Joau Moutinyu ilə Joze Fonte kimi təcrübəli oyunçular var. Kapitan Rikardu Orta, yarımmüdafiəçi Bruma və qapıçı Mateusu da qeyd etməliyəm.
- "Qarabağ" indiyədək Portuqaliya klubları ilə bir dəfə - 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində qarşılaşıb. "Sportinq"ə qarşı keçirilmiş hər iki oyunda Azərbaycan təmsilçisi məğlub olub. Həmin matçları necə xatırlayırsınız?
- Bəli, hər iki oyunu yaxşı xatırlayıram. Bakıda 6:1, Lissabonda isə 2:0 hesabı ilə qalib gəlmişdik. "Sportinq" həmin dövrdə çox güclü idi.
- “Azərbaycan təmsilçisi avrokuboklarda bəzi güclü komandaları məğlub etməyi bacarıb. Sizcə, “Braqa”ya da bu aqibəti yaşada bilərmi?
- Əlbəttə, mümkündür. “Qarabağ” hazırda əla çıxış edir.
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu Portuqaliyada tanıyırlar?
- O qədər də yox. Amma mənim kimi futbolun içində olan insanlar bilirlər ki, Q. Qurbanov uğurları və titulları olan məşqçidir.
- Azərbaycan çempionunun heyətində hansı futbolçuları bəyənirsiniz?
- Leandro Andrade yaxşı oyunçudur. "Qarabağ"da Elvin Cəfərquliyev kimi gənc və potensialı yüksək olan futbolçu da var. O, Portuqaliya klublarında çıxış edə bilər.
- Hazırda “Qarabağ”da əvvəllər Portuqaliyada oynamış 8 futbolçu çıxış edir. Bu amil oyuna nə dərəcədə təsir edə bilər?
- Düzünü desəm, bunu bilmirdim. Riçard Almeyda, Juninyo və Mateus Silvanın daha əvvəl Portuqaliyada oynadığı barədə məlumatım var idi. Bu xəbər “Braqa”ya çox kömək ola bilər (gülür).