PREZİDENT ABDULLAH GÜL AZƏRBAYCANA SƏFƏRİ İLƏ BAĞLI MƏTBUAT ÜÇÜN BƏYANAT VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül sentyabrın 10-da Bakıya birgünlük işgüzar səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat üçün bəyanatla çıxış etmişdir.
Türkiyə Prezidenti demişdir ki, biz qardaş Azərbaycanla ikitərəfli əlaqələri, bölgə problemlərini müzakirə etməyə böyük əhəmiyyət veririk. Türkiyə Azərbaycanın haqq işini müdafiə edən və bu yöndə böyük səylər göstərən ölkələrin birincisidir. Bu mövqe hər zaman bizim xarici siyasətimizin təməl prinsiplərindən birini təşkil etmişdir.
Keçən il Prezident kimi ilk xarici səfərini Azərbaycana etdiyini xatırladan Abdullah Gül, bununla iki qardaş ölkə arasında əlaqələrə verdiyi önəmi vurğuladığını söyləmişdir. O əlavə etmişdir ki, bu səfərlər mütəmadi xarakter almışdır. Bölgədə vəziyyətin gərginləşdiyi zaman Baş nazir Rəcəb Tayyib Ərdoğan avqustun 20-də Bakıya səfər etmişdir. Avqustun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankaraya gələrək, regional məsələlərlə bağlı müzakirələr aparmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevlə son dəfə Qarsda, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində görüşdüklərini xatırladan Abdullah Gül, indiki səfəri zamanı Azərbaycanın dövlət başçısı ilə bölgədə gedən son proseslərlə, Qafqaz Platforması ilə bağlı fikir mübadiləsi aparacağını demişdir. O bildirmişdir ki, keçən həftə Ermənistana səfəri barədə də Prezident İlham Əliyevə məlumat verəcəkdir.