Prezident Həsən Ruhaninin Azərbaycana səfəri İran mətbuatında geniş işıqlandırılıb
Tehran, 25 oktyabr, AZƏRTAC
İran Prezidenti Həsən Ruhaninin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İranın nüfuzlu informasiya agentliklərindən İRNA, “Mehr news”, “Fars news”, “Tasnim”, İSNA, ingilisdilli “Tehran Times” qəzetləri və digər KİV-lər Prezident Həsən Ruhaninin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünə geniş yer ayırıb. Dərc olunan materiallarda İran-Azərbaycan əlaqələrinə nəzər salınıb. Qeyd olunub ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək, nəqliyyat, energetika, hərbi, mədəniyyət, idman və başqa sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına nail olublar.
Qeyd edilir ki, İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayırlar. İranın Bəndər Abbas və Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Bu dəhlizdən yalnız Azərbaycan ilə İran deyil, regionun bütün dövlətləri istifadə edəcəklər. Azərbaycan böyük tranzit imkanlarına malikdir.
Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Regional təhlükəsizliyin təmin edilməsində də hər iki dövlət birgə salışır. Bu, ilk növbədə, beynəlxalq terrorçuluğa qarşı mübarizədə özünü ehtiva edir. Bakı və Tehran regionda terrorçuluğun baş qaldırmasına imkan vermirlər.
Mətbuat İran ilə Azərbaycanın qonşuluq və dostluq əlaqələrinin regionun digər ölkələrinə nümunə olduğunu yazır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran