PREZİDENT İLHAM ƏLİYEV BOLQARISTAN MİLLİ RADİOSUNA MÜSAHİBƏ VERMİŞDİR
Təqdimat mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan milli radiosunun müxbirinə qısa müsahibə verdi.
- Bu gün Bolqarıstan turizminin təqdimatı oldu. Siz ölkəmizin turizm infrastrukturunu necə qiymətləndirirsiniz?
- Bu gün burada gözəl təqdimat oldu. Biz sizin ölkənizdə turizmin potensialı və inkişafı barədə məlumat aldıq, perspektivlərdən ətraflı danışdıq. Ölkələrimiz arasında çox yaxşı siyasi və iqtisadi münasibətlər var. Səfirliklər artıq işləyir, tezliklə hava xətti açılacaqdır. Ona görə də ölkələrimizdən gedən və ölkələrimizə gələn turistlərin sayı artacaqdır.
- Bəs Azərbaycan turistlərini Bolqarıstanda nələr cəlb edəcəkdir?
- Bütün turistlər üçün nələr maraqlıdırsa, onlar bizim turistlər üçün də maraqlıdır. Məlum olduğu kimi, burada yaxşı iqlim, dəniz sahili var, şərait yaxşıdır. Dil problemi yoxdur, hamı bir-birini başa düşür.
- Varnaya uçuşlar həyata keçiriləcəkmi?
- Bunu aviasiya şirkətləri həll etməlidir. Aviasiya şirkətləri arasında sənəd imzalandı. Yaxın vaxtlarda onlar ölkələrimiz arasında aviasiya marşrutları yaradılması üçün əməli tədbirləri müzakirə edəcəklər.