PREZİDENT İLHAM ƏLİYEV KƏND TƏSƏRRÜFATI MƏHSULLARI SƏRGİSİNƏ BAXMIŞDIR
Sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Lerik qəsəbəsində təşkil olunmuş kənd təsərrüfatı məhsulları sərgisinə baxmışdır.
Sərgidə yerli fiziki və hüquqi şəxslərin istehsal etdikləri məhsullar, habelə sənaye məhsulları təqdim olunmuşdur.
Prezident İlham Əliyev mineral su istehsal edən “Zərinqala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Yüksəliş” arıçılıq təsərrüfatının, kənd təsərrüfatı məhsulları istehsal edən “Sədrəddin və ortaqları” fermer təsərrüfatının, Lerik konserv zavodunun, sənaye məhsulları istehsal edən “Şahmurad”, “Nurlan” müəssisələrinin, “Azərxalça” İstehsalat Birliyinin Lerik xalça sexinin məhsulları ilə, “Meşəbəyi” ailəvi istirahət zonasının, “Təbəssüm” turizm, istirahət və əyləncə mərkəzinin fotosərgiləri ilə yaxından tanış oldu. Tikinti materialları istehsal edən “Mars-M” firmasının, sənaye məhsulları istehsal edən “Kaspi-Yıldız” holdinq şirkətinin, Lerik damazlıq arıçılıq təsərrüfatının, “Niftan” fermer təsərrüfatının və başqalarının məhsulları da maraq doğurdu.
Sahibkarlar Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək iş adamlarına, özəl sektora yaradılan şəraitdən razılıqlarını söylədilər, eyni zamanda kreditlə bağlı bəzi problemlərin olduğunu vurğuladılar. Bildirdilər ki, əgər maliyyə köməyi olarsa, fəaliyyəti genişləndirmək və iş yerlərinin sayını artırmaq mümkündür.
Azərbaycan Prezidenti sahibkarlara dövlət qayğısının bundan sonra da artırılacağını, gələn il kredit ayrılması üçün 400 milyard manat vəsaitin ayrılacağını vurğuladı. Dövlətimizin başçısı gözəl təbiətə malik bu bölgədə özəl sektorun inkişafına xüsusi qayğı göstəriləcəyini də bildirdi.
Sonra dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.