PREZİDENT İLHAM ƏLİYEV MASALLI RAYONUNA GƏLMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Masallı rayonuna gəlmişdir.
Dövlətimizin başçısı yolüstü Masallı şəhərinin girəcəyində inşa edilən Olimpiya İdman Kompleksində tikinti işlərinin gedişi ilə yaxından tanış oldu. Olimpiya kompleksinin təməli ötən ilin noyabrında Azərbaycan Prezidenti tərəfindən qoyulmuşdur.
Buraya toplaşan inşaatçılar və şəhər sakinləri Prezident İlham Əliyevi sürəkli alqışlarla və ehtiramla qarşıladılar.
Prezidentə məlumat verildi ki, bu ilin noyabrında tikinti başa çatdırılacaq, gələn ilin may ayınadək isə kompleks tam istifadəyə veriləcəkdir.
Dövlətimizin başçısı tikinti işlərinin sürətləndirilməsi və keyfiyyətlə aparılması üçün müvafiq tövsiyə və tapşırıqlarını verdi. Kompleksin memarlıq baxımından gözəl olmasının və bütün işlərin ən yüksək səviyyədə görülməsinin vacibliyini vurğuladı.
Olimpiya kompleksində örtülü üzgüçülük hovuzu, futbol meydançası, tennis kortları, avtodayanacaqlar və digər xidmət obyektləri tikiləcək, idmançılar üçün hər cür şərait yaradılacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevi Masallı şəhərinin mərkəzində on minlərlə sakin böyük hörmət və ehtiramla, alqışlarla, gül-çiçəklə qarşıladı. Prezidenti qarşılamağa gələnlərin əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, dövlətimizin başçısını salamlayan şüarlar var idi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.