Prezident İlham Əliyevin Ankara səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Antalya, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına martın 10-da həyata keçirdiyi işgüzar səfər qardaş ölkənin aparıcı KİV-i tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “Haber Türk”, “A Haber” və sair telekanallar, “Sabah” və “Yeni Şafak” qəzetləri səfərin təfərrüatı barədə türkdilli ictimaiyyəti davamlı məlumatlandırıblar.
Prezident İlham Əliyevin Ankarada böyük ehtiramla qarşılanmasından, Çankaya Köşkündə göstərilən yüksək qonaqpərvərlikdən bəhs edən Türkiyə mediası iki qardaş ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini qlobal strategiyanın, nəhəng beynəlxalq siyasətin tərənnümü olaraq dəyərləndirib.
Media materiallarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinə, liderlərin strateji məsələlərdə birgə qərarlarının tarixi əhəmiyyətinə xüsusi diqqətlə yanaşılıb.
Türkiyə mediası səfər barədə geniş videomaterial və orijinal fotolar yayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya