PREZİDENT İLHAM ƏLİYEVİN “BİZİM GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR” SÖZLƏRİ TÜRKİYƏDƏ ZƏRB-MƏSƏL OLMUŞDUR
Aprelin 15-də Türkiyənin özəl televiziya kanalları proqramların yayımlandığı zaman axan sətirlər vasitəsilə tamaşaçılarını Prezident İlham Əliyevin bəyanatları ilə tanış etdilər. Aprelin 16-da ölkənin, demək olar ki, bütün qəzetləri ilk səhifələrində Prezident İlham Əliyevin fotoşəkillərini dərc etmiş, “Qardaşlıq nümunəsi budur!” (“Türkiyə”), “Azərbaycan ən ön sıradadır” (“Milliyyət”), “Qardaş dəstəyi” (“Star”), “İlham Əliyev Türkiyəni dəstəklədi” (“Radikal”), “İlk bəyanatı İlham Əliyev verdi” (“Zaman”) sərlövhəli xəbər və məqalələr vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Kipr ilə əlaqədar bəyanatından sonra bəzi ölkələrdən, o cümlədən, BMT və Avropa Birliyindən də eyni mövqedən açıqlamaların gəldiyini vurğulayan türk jurnalistləri ilk addımın məhz dost və qardaş Azərbaycan tərəfindən atıldığının unudulmayacağını bildirirlər. Türkiyə Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül, Kipr türklərinin lideri Rauf Denktaş bu tarixi, cəsur və olduqca əhəmiyyətli bəyanat üçün Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını dilə gətirmişlər.
Siyasi meylindən asılı olmayaraq, Türkiyədəki siyasi şərhçilər, politoloqlar, jurnalistlər bir məsələdə həmrəydirlər: Prezident İlham Əliyev siyasi təcrübəsi, geniş dünyagörüşü, diplomatik istedadı, mətin və cəsur qərarları, Türkiyəyə olan münasibəti ilə bütün türk xalqının könlünü fəth etmiş, hörmət və ehtiramını, sevgi və məhəbbətini qazanmışdır. Səfər günlərində Mehriban xanımın keçirdiyi görüşlər dərin təəssürat, çox xoş duyğular doğurmuşdur.
Tanınmış yazıçı-publisist, Azərbaycana yaxından bələd olan, İfran Ülkü AZƏRTAC-ın müxbiri ilə söhbətində səfərlə əlaqədar təəssüratlarını belə ifadə etmişdir: “Möhtəşəm bir səfər idi, Türkiyədə hər evdə bu barədə danışılır. Böyük Heydər Əliyev əfsanəsi davam edir. Hər halda, bu dahi şəxsiyyətin ruhu şad olmuşdur. Azərbaycan regionun çox əhəmiyyətli və strateji bir gücüdür. Səfər zamanı bu fakt bir daha təsdiq olunmuşdur.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. Ancaq bu ölkənin halına baxın, vətəndaşları qaçıb gedir. Ölkədəki vəziyyət sosial partlayış ərəfəsindədir. Bütün bunlar Heydər Əliyev uzaqgörənliyinin, misilsiz əməyinin, yuxusuz gecələrinin, səmərəli siyasətinin nəticəsidir! Allah ona qəni-qəni rəhmət eləsin!
Prezident İlham Əliyevə və onun Türkiyəyə ilk rəsmi səfərinə gəlincə isə, demək istəyirəm ki, türk siyasət səmasında yeni ulduz parlamağa başlamışdır. Hamımız onun dəyərini, qiymətini, qədrini yaxşı bilməliyik!”.