PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sentyabrın 29-da Prezident sarayında Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Finlandiya Prezidenti xanım Tarya Haloneni və həyat yoldaşı Pentti Arayarvini böyük hörmət və səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Finlandiya Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Finlandiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və xanım Tarya Halonen fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Finlandiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Finlandiya Prezidenti xanım Tarya Halonenə, Finlandiya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.