PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının asıldığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev İran Prezidenti Məhəmməd Xatəmini böyük hörmət və səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İran dövlətinin başçısına raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Məhəmməd Xatəmi fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri İran Prezidenti Məhəmməd Xatəmiyə, İran nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.