Prezidentimizin apardığı uğurlu siyasət xalqımızı Böyük Qələbəyə çatdıracaq
Bakı, 20 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələri isə sərrast oldu - düşmən hərbi texnika və canlı qüvvə sarıdan xeyli itkilər verərək geri otuzduruldu. Beləliklə, Tovuz döyüşləri mənfur düşmənə və onun havadarlarına bir ismarıc oldu. Onlar bilməlidirlər ki, xalqımız heç vaxt torpaqlarının Ermənistan tərəfindən işğalı ilə barışmayacaq. Ali Baş Komandan İlham Əliyev müsahibələrinin birində qəti olaraq bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.
Bununla da ölkə başçısı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğu ilə bağlı bütün dünyaya, xüsusilə də işğalçı Ermənistana qətiyyətli mesaj vermişdi. Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi fikirlərdən qısa bir müddət sonra Ermənistan əsl xislətini bir daha göstərmiş oldu. Bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda mənfur düşmən yenə də öz çirkin əməllərini davam etdirməyə çalışdı. Lakin Tovuz döyüşlərində düşmən layiqli cavabını aldı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, AMEA YAP ərazi təşkilatının sədri Ulduzə Qurbanova deyib. Bu döyüşlərdə xalqımızın qəhrəman oğullarının şəhid olduğunu vurğulayan U.Qurbanova deyib: “Biz şəhid əsgər və zabitlərimizlə qürur duyuruq. Hər birimiz onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirik. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalmaları hər bir Azərbaycan vətəndaşı, xüsusilə də biz gənclər üçün böyük örnəkdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Azərbaycan Ordusu güclənməkdə davam edəcək və Aprel hadisələri təkrarlanarsa, düşmən üçün ciddi uğursuzluqlarla nəticələnəcək. Azərbaycan Ordusu ermənilərin hər bir təxribatına layiqli cavab verməyə davam edəcək. Düşmənə və onun havadarlarına bir daha sübut olundu ki, qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Öz şəxsi maraqları naminə dövlətinə xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyən ermənipərəst qüvvələr anlamalıdırlar ki, Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz.
Bu gün həm dünyanı cənginə alan koronavirus pandemiyası ilə, həm də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməyin zamanıdır. Azərbaycan gəncliyi əmindir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət xalqımızı Böyük Qələbəyə çatdıracaqdır!