PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin 80 illik yubileyi ilə əlaqədar ona telefonla zəng etmişdir.
Dövlətimizin başçısı çağdaş Azərbaycan poeziyasının inkişafında Bəxtiyar Vahabzadənin rolunu yüksək qiymətləndirərək, xalq şairinin əsərlərində azərbaycançılıq, millilik, vətəndaşlıq prinsiplərinin ana xətt təşkil etdiyini vurğulamışdır. Prezident İlham Əliyev Bəxtiyar Vahabzadəyə Azərbaycan ədəbiyyatının daha da inkişafı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar, şəxsi həyatında möhkəm cansağlığı arzulamışdır.
Bəxtiyar Vahabzadə təbriklərə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirmiş, Azərbaycan Prezidentinin ədəbiyyatımızın inkişafına və onun yaradıcılığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir. O, öz yaradıcılığında daim Azərbaycan Prezidentinə arxalandığını vurğulayaraq, bundan sonra da bütün ömrünü Azərbaycan şeir sənətinin inkişafına həsr edəcəyini bildirmişdir.