Professor Dong Zhao Xia: Çin Neft Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Neft Universitetinin (ÇNU) prorektoru, professor Dong Zhao Xianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı universitetin fəaliyyəti, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, informasiya texnologiyaları və digər ixtisaslar üzrə də mütəxəssis hazırlığı aparıldığını deyən rektor, eyni zamanda, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) barədə məlumat verib. ADNSU-nun Çin universitetləri ilə çox geniş əlaqələrinin olduğunu vurğulayan M.Babanlı Çin Neft Universiteti ilə tələbə-müəllim mübadiləsi, birgə elmi layihələrin hazırlanması və başqa istiqamətlərdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Professor Dong Zhao Xia təmsil etdiyi ali məktəb haqqında məlumat verib, ÇNU-nun ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə ADNSU ilə Çin Neft Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə müzakirələr aparılıb.