PROFESSOR GÜLRUX ƏLİBƏYLİNİN YUBİLEYİ KEÇİRİLMİŞDİR
Martın 18-də Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat muzeyində tanınmış tənqidçi, ədəbiyyatşünas və publisist, professor Gülrux Əlibəylinin anadan olmasının 75 illik yubileyinə və onun “Düşünən dünyamız” və “Dağılan dünyamız” kitablarının təqdimatına həsr olunmuş mərasim keçirilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi İsrafil İsrafilov AZƏRTAC-ın müxbirinə demişdir ki, mərasimdə akademik Bəkir Nəbiyev, Azərbaycan MEA-nın müxbir üzvü, professor Azadə Rüstəmova, professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Nuridə Bağırova, “Elm” nəşriyyatının direktoru Şirindil Alışanov, şairə Xuraman Vəfa və başqaları çıxış edərək, ədəbiyyatımızın inkişaf yollarını, ədəbi prosesi daim izləyərək yeni müsbət meyllərin üzə çıxarılmasına və təbliğinə çalışan Gülrux Əlibəylinin qələminin məhsulu olan, yüksək elmi-nəzəri səviyyəsi, aktuallığı və obyektivliyi ilə seçilən tənqidi, problem xarakterli əsərlərin həm respublikamızda, həm də onun hüdudlarından kənarda ədəbi ictimaiyyətin diqqətindən yayınmamasından danışmışlar.
Qeyd olunmuşdur ki, alimin son illər bir-birinin ardınca yazdığı “Çırpınan dünyamız”, “Dəyişən dünyamız”, “Düşünən dünyamız” və “Dağılan dünyamız” adlı publisistik kitablarında yalnız tənqidçi, filosof şərhləri, düşüncələri əks etdirilmir, həmin əsərlərdə Vətəni, xalqı üçün narahat olan, həmvətənlərini qiymətləndirməyi bacaran yazıçı - vətəndaşın ürək çırpıntıları duyulur.
Professor Gülrux Əlibəyli çıxış edərək, onun yaradıcılığına verilən yüksək qiymətə və göstərilən diqqətə görə mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları alimin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.