Professor: Pandemiya insanların psixikasına çox mənfi təsir etdi
Bakı, 1 may, AZƏRTAC
Müasir təbabətdə daim diqqət çəkən sahələrdən biri də psixiatriyadır. Son dövrlərdə stres faktorlarının və informasiya yükünün artması, obyektiv sosial mühitin yaratdığı problemlər bu sahənin aktuallığını bir qədər də önə çıxarır. Son dövrlər psixiatriya və nevrologiya sahəsinə aid olan demensiya halı getdikcə aktuallaşır. Demensiya - baş-beynin xəstəliyi nəticəsində psixi fəaliyyətin pozulması deməkdir. Bu vəziyyətdə daha çox yaddaş̧, təfəkkür, qavrama, nitq, eləcə də təhliletmə qabiliyyətinin pozulması müşahidə olunur. Daha çox rast gəlinən demensiya növləri 65 faiz Altsheymer xəstəliyi və 30 faiz damar demensiyasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Zəfər Əliyev deyib.
Professorun demensiyalı xəstələrin ümumi sayının yaş faktoru ilə əlaqədar olduğunu deyib: “Yəni yaş artdıqca say çoxalır - 65 yaşdan sonra hər 5 ildən bir 2 dəfə artır. Narahatedici tendensiya ondan ibarətdir ki, demensiya xəstəliyi cavanlaşır. Ahıl yaş, irsiyyət, spirtli içkilər, tütün məhsulları və narkotik vasitələrindən istifadə, piylənmə, hipertoniya, qanda xolesterinin artması, kəllə-beyin travması, vitamin В 12 və fol turşusu duzlarının çatışmazlığı demensiya xəstəliyinin yaranmasına səbəb olan risk amillərinə aiddir. Eyni zamanda, ekoloji mühit və orqanizmə zərərli sahələrdə çalışmaq təhlükəli ola bilər. Demensiya nə qədər erkən aşkar olunarsa, fəsadları da bir o qədər yüngül formada üzə çıxar və ya daha gec dövrdə özünü büruzə verər. Təəssüf ki, bu prosesi dayandırmaq mümkün deyil. Nəticədə xəstəliklə bağlı tibbi, sosial, hüquqi və maliyyə problemləri, eyni zamanda, pasiyentin yaxınlarında depressiv və təşviş problemlərinin yaranma ehtimalı artır. Bu halların vaxtında aşkar edilməsi üçün yaşlı insanların “Chek up” prosedurundan keçməsi məsləhətdir. Xüsusilə, baş-beynin maqnit-rezonans tomoqrafiyası vacibdir. Bu yaşda şəxslərdə yaddaşın mühüm dərəcədə zəifləməsi, depressiyanın yaranması və xasiyyətin dəyişməsi ciddi siqnal ola bilər”.
Professorun sözlərinə görə, COVID-19 pandemiyası insanların psixikasına çox mənfi təsir göstərib. Pandemiya dövründə depressiv, təşviş və obsessiv-kompulsiv problemlərin sayı 30 faiz artıb. Hazırda bununla bağlı vəziyyət getdikcə tənzimlənir, postkovid sindromu səbəbindən müraciət edən insanların sayı azalır. Psixi problemlərin təhlükəli mərhələyə keçməsinin qarşısını almaq üçün tez bir zamanda psixiatra müraciət etmək lazımdır. Bəzən xəstəliyin başlanğıc mərhələsi yüksək sürətlə inkişaf edir. Pasiyent və onun yaxınları yanlış addımlar atırlar - müxtəlif pirlər, parapsixoloqlar, astroloqlar, ekstrasenslərə, baxıcılara müraciət edirlər. Halbuki, onların özünü mühüm bir hissəsi psixi problemi olan insanlardır və ya dələduzluqla məşğul olurlar. Nəticədə pasiyentin psixoloji problemi ağırlaşır.