Psixoloq: Depressiya son dövrlər ən geniş yayılan psixoloji problemlərdən biridir
Bakı, 22 may, AZƏRTAC
Depressiya son dövrlər ən geniş yayılan psixoloji problemlərdən biridir. İnsanlar bəzən kefsiz ola bilər, lakin bunu depressiya ilə qarışdırmaq olmaz. Depressiyanı digər problemlərdən ayırd etmək üçün Psixoloji Problemlərin Diaqnostik və Statistik Təlimatı (DSM) kitabına müraciət edilir və xəstələrə DSM əsasında diaqnoz qoyulur.
Bunu AZƏRTAC-a mütəxəssis-psixoloq Xalidə Qasımova deyib. Psixoloqun sözlərinə görə, ən azı 2 ay müddətində həmin insanların emosiyalarında müəyyən problemlər müşahidə olmalıdır: “Depressiyadan əziyyət çəkən insanlar uzun müddət özlərini pis hiss edir, heç bir sosial işi həyata keçirmək istəmirlər. Fiziki olaraq hər an özünü yorğun hiss etmək, yuxu rejiminin pozulması, yorğun oyanma, immunitet sisteminin zəifləməsi, ürək döyüntüsünün artması, unutqanlıq, diqqətdə yaranan problemlər, özünə inamın itməsi, məyusluq, hadisələrdən və insanlardan uzaqlaşmaq kimi hallar depressiyanın əsas simptomlarına daxildir. Bu kimi hallarda tibbi müalicə mütləqdir. Depressiya beyində olan serotonin, dopamin, noradrenalin kimi hormonların dəyişməsi nəticəsində yaranır və həmin şəxslərə çox zaman antidepressant dərmanlar tövsiyə edilir. Sözügedən müalicə 6 ay müddətində və davamlı olmalıdır. Müalicənin əsas məqsədi pozulan hormonların bərpasıdır”, - deyə mütəxəssis bildirib.
Psixoloq bəzən xəstələrdə psixoterapiyanın vacib olduğunu deyib: “Psixoterapiyanın müxtəlif üsulları var. Depressiyada ən geniş istifadə olunan Koqnitiv Bihevioral Terapiyasıdır (CBT). CBT zamanı depressiyada olan insanın düşüncələri, duyğuları və davranışları müalicə edilir. Terapiya zamanı onlarda müəyyən düşüncə formalaşır və həmin düşüncənin nəticəsində xəstənin duyğu və davranışları normaya düşür. Bəzən xəstələrin mənfi düşüncələri sonradan qazanılmış və ya uşaqlıqdan qalma inanclar ola bilər. Bu zaman xəstənin uşaqlıq travmalarına nəzər salınır və həmin travmalar nəticəsində yaranan inanclar dəyişdirilir. Depressiv düşüncələr insanın özü, dünya və gələcək haqqında olmaqla üç növdə olur”.
Mütəxəssis depressiv problemlərin növlərindən danışıb: “Son dövrlər narkotik vasitələrinin istifadəsi nəticəsində yaranan depressiya və mövsümi depressiya növlərinə rastlaşma tezliyi artıb. Yaz, yay aylarında orqanizmdə melanin hormonu səviyyəsi aşağı düşür. Bu da mövsümi depressiyanın yaranmasının bioloji səbəbidir. Həmin hormon səviyyəsinin aşağı düşməsi yuxusuzluq yaradır. Uzunmüddətli yuxusuzluq isə depressiyanın yaranması üçün real səbəbdir. Eyni zamanda, bəzən insanların yay aylarında yaşadıqları hər hansı bir travma həmin aylarda yenidən büruzə verə bilər. Müalicə alınmadığı təqdirdə xəstələr tez-tez özlərini pis hiss edirlər”.
X.Qasımova qeyd edib ki, insanların fiziki fəaliyyətlə az məşğul olmağı da depressiya yaradan səbəbdir. Psixoloq bütün yaş qruplarına qarşılarına məqsəd qoymağı tövsiyə edib və müəyyən psixoloji problemdən əziyyət çəkən şəxslərin mütəxəssisə müraciətinin vacib olduğunu vurğulayıb.