PUBLİSİSTİN YENİ KİTABI
F.Ağamalıyevin çox şəxsi, emosional ruhda yazdığı tarixi-fəlsəfi essesində son onilliklər ərzində təkcə azərbaycanlılar üçün deyil, həm də indi postsovet məkanı adlanan bir ölkədə yaşamış milyonlarla insan üçün taleyüklü məsələlərdən bəhs olunur. Müəllif müxtəlif mədəniyyətlərin, ilk növbədə, Azərbaycan və rus mədəniyyətlərinin birgə mövcudluğu və onlar arasında dialoqun aktual problemləri ilə bağlı düşüncələrini və təəssüratını bölüşür. O, yad mədəniyyətə qarışaraq milli özgürlüyü itirmək təhlükəsi və həmvətənlərimizi maraqlandıran bir çox digər məsələlər ətrafında düşünür.
F.Ağamalıyevin hekayələri və publisistik əsərləri hələ gənc yaşlarından respublika və ittifaq nəşrlərində dərc olunurdu. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirmişdir. Onun ədəbi ssenariləri əsasında Bakı, Moskva, Sverdlovsk, Minsk kinostudiyalarında “Köhnə körpü”, “17 yaşlı oğlan”, “Xahiş etməyən kəs” bədii filmləri, bir sıra sənədli filmlər çəkilmişdir. F. Ağamalıyevin “Ox və hədəf” pyesi əsasında Bakıda eyniadlı tamaşa qoyulmuşdur. O, “Sovetskaya kultura” qəzetinin kinoşərhçisi, Moskvada çıxan “Panorama Azerbaydjana” qəzetinin və “Vostoçnıy ekspress” jurnalının baş redaktoru işləmişdir. Hazırda Ümumrusiya Azərbaycan Konqresinin mətbuat katibidir.