REGİONLAR
Qabırrı çayının 7 kilometrlik hissəsində sahilbərkitmə işləri aparılır
Samux, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Qabırrı çayının Samux rayonunun Gürcüstanla həmsərhəd olan Burunqovaq, Poylu, Kəsəmən, Salahlı və Qarablı kəndləri ərazisindən keçən 7 kilometrlik hissəsində daşqınların qarşısının alınması məqsədilə sahilbərkitmə işləri aparılır.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 3000 nəfərə yaxın əhalisi olan bu kəndlər Gürcüstan ilə sərhəddə yerləşir. Daşqınlar zamanı kəndlərdə vətəndaşlara məxsus evlərdə su basma halları olur, fərdi təsərrüfatlara, əkin, otlaq və biçənək sahələrinə, meşə massivinə ciddi ziyan dəyir. Çayda baş verəcək daşqın hallarının qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları tərəfindən çayın məcrasında təmizləmə və sahilbərkitmə işləri aparılır. Çayın ətrafında uzun müddətdir formalaşan bitki örtüyü, lil ağır texnikalar vasitəsilə təmizlənir və çay yatağının dibi genişləndirilir.
Dövlət Su Ehtiyatları Agentliyinin Samux rayonu üzrə baş mühəndisi Elşən Rüstəmov bildirib ki, Salahlı kəndi üzrə 1 kilometr ərazi lildən təmizlənib və sahilbərkitmə işləri görülüb. Hazırda Burunqovaq kəndi ərazində isə 6 kilometr məsafədə çayboyu lildən təmizləmə və sahilbərkitmə işləri həyata keçirilib. Ay sonuna qədər daha 2 kilometr ərazi təmizlənərək, ümumilikdə, çayboyu 8 kilometr məsafədə bu işlər görüləcək.