QADIN MİQRASİYASI PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Martın 14-də “Həyat Recensi - Naxçıvan” mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) köməyi ilə Milli Məclis tərəfindən təşkil edilmiş “Qadın miqrasiyası: hüquqi aspektlər və problemlər” mövzusunda “dəyirmi masa” görüşündə Azərbaycanda qadın miqrasiyasının hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri müzakirə olunmuşdur.
İOM-un Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yeust Van der Aalst “Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda fəaliyyəti” mövzusunda çıxış edərək bildirdi ki, iş tapmaq üçün beynəlxalq sərhədləri keçən adamların sayının artması ilə əlaqədar insan hüquqlarına dair yeni konvensiya bəyənilmişdir. Bu konvensiya miqrantlara qarşı ayrı-seçkiliyin qarşısını almağa yönəldilmişdir. 1990-cı ildə BMT-nin Baş Məclisi bütün zəhmətkeşlərin - miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiya qəbul etmişdir. İOM-un yerli nümayəndəliyi bu konvensiyanın əsas prinsiplərini rəhbər tutaraq, Azərbaycanda miqrasiya proseslərini araşdırmış və onun nəticələri ölkə hökumətinə təqdim olunmuşdur.
Yeust Van der Aalstın məruzəsində başlıca fikir bu idi ki, Azərbaycandan miqrasiyanın əsas səbəbləri etnik və siyasi problemlər deyil, daha yaxşı həyat şəraiti axtarışı və ya müxtəlif peşə sahiblərinin öz ixtisasını artırmaq arzusudur. Təsadüfi deyil ki, qadın miqrantların əsas hissəsi 20 yaşından 40 yaşınadəkdir. Miqrasiyanın səviyyəsini aşağı salmaq üçün başlıca metod BMT-nin İnkişaf Proqramına uyğun olaraq ölkənin bölgələrində kiçik müəssisələr yaradılmasıdır.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və Milli Məclisin deputatı Məlahət Həsənova çıxışlarında qadın miqrasiyasının hüquqi məsələləri və mənəvi aspektləri üzərində ətraflı dayandılar, cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsi üçün Azərbaycan Prezidenti Heydər Əliyevin müntəzəm gördüyü tədbirlərin əhəmiyyətini xüsusi vurğuladılar.
Sonra xarici işlər nazirinin müavini Xələf Xələfov “Beynəlxalq sazişlər və Azərbaycan Respublikasının öhdəlikləri” mövzusunda məruzə edərək, ölkənin beynəlxalq təşkilatlara inteqrasiyasının əsas istiqamətlərini nəzərə çarpdırdı.
Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Kamal İmamverdiyev mütəşəkkil cinayətkarlığın qadınların miqrasiyası ilə bilavasitə bağlı olan qadın və uşaqların satılması kimi təzahürlərinə qarşı mübarizəni gücləndirməyin zəruriliyini konkret faktlarla əsaslandırdı.
Axırda “dəyirmi masa”nın iştirakçıları məruzələr ətrafında diskussiya apardılar.