“QADININ İSLAMDA VƏ DÜNYA QANUNVERİCİLİKLƏRİNDƏ STATUSU”
Bakıdakı “Qapp-poliqraf” nəşriyyatının rus dilində buraxdığı kitab belə adlanır. Onun müəllifi müasir sosioloq Səlim Əl-Bəhnəsəvidir. Kitabın beş fəslindən hər biri qədim zamanlarda və müasir cəmiyyətdə qadınların hüquqları, kişilərin və qadınların siyasi hüquqları, kişilərlə qadınlar arasında bərabərlik, fərqlər və digər aktual məsələlərə həsr edilmişdir.
Müəllif girişdə yazır ki, hicri tarixi ilə on beşinci yüzilliyə qədəm qoyulduğu bir vaxtda müsəlman dəyərlərini ayrı-ayrı şəxsiyyətlərin, ailənin və bütün cəmiyyətin qəlbində öz əzəli yerinə qaytarmaq çox vacibdir. O, islam düşmənlərinin bu dəyərlərə və ümumən, müsəlman mənəviyyatına, xüsusən də qadın və ailə ilə bağlı hər şeyə şiddətli hücumundan danışaraq deyir: “Artıq etiraf olunmuşdur ki, islam kişilərlə qadınların arasında fərq qoyulmayan məsələlərdə qadınlar kişilərlə eyni hüquqlar aldığı və onlardan hər birinə özlərinin təbiətinə və fiziologiyasına uyğun gələn hüquqlar və vəzifələr vermiş ilk qanunvericilikdir”.
“Qadınlar qədim zamanlarda və müasir cəmiyyətdə” adlanan 1-ci fəsildə qədim Babilistan, Çin, Yunanıstan, İtaliya, Hindistan qanunvericiliklərində qadının statusundan misallar göstərilir, qadınların hüquqları haqqında yəhudi və xristian qanunları araşdırılır, islamdan əvvəlki ərəb cəmiyyətində qadınların vəziyyətindən, nəhayət, keçmişdə və indi islamda qadın azadlığı ilə əlaqədar məsələlərdən danışılır.
Müqəddəs Qurana və Məhəmməd peyğəmbərin hədislərinə istinad edən müəllif qadınların ailədə, ictimai həyatda hüquq və vəzifələri üzərində ətraflı dayanır. Kitabda bildirilir ki, Quranın bir neçə surəsində islam qadının vəziyyətinin necə olmalı olduğu aydın göstərilir. Həmin surələrdə və peyğəmbərimizin hədislərində deyilir ki, qadın azad və müstəqil şəxsiyyətdir və bu, hətta onunla təsdiqlənir ki, islam qadının öz adını, atasının adını və soyadını saxlaması, habelə ona mülkiyyətə malik olmaq və atasından, yaxud ərindən icazə almadan özünün daşınar və daşınmaz əmlakını idarə etmək hüququ verilməsi qeydinə qalır. Əsərdə qadının islamda və dünya qanunvericiliklərində statusuna dair bir çox maraqlı məlumatlar var. Qadının ailədə hüquqları, nikah bağlanmasının əsasları, təhsil, əmək, dövlətin idarə olunmasında iştirak hüququ, islam normaları, yasaq edilənlə icazə verilən arasında seçim azadlığı və islamda qadının yeri haqqında bir çox digər məlumatlar - bu diqqətəlayiq nəşrin məğzi və məzmunu bütün bunlardan ibarətdir.
İslam hüququ ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitab anlaşıqlı dildə və konkret faktlar əsasında yazılmışdır.