QADINLAR SÜLH İSTƏYİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə, Xanlar, Daşkəsən, Goranboy, Gədəbəy, Samux və sair rayonlarda fəaliyyət göstərən qadın təşkilatlarının təşəbbüsü ilə Gəncədə “Müharibə zonalarında sülhü bərpa edək!” devizi altında toplantı keçirilmişdir. Toplantıda çıxış edən qadınlar ümummilli lider Heydər Əliyevin sülh siyasətini uğurla davam etdirən Respublikamızın Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmiş və bu işdə Azərbaycan qadınlarının ona daim dəstək olacaqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, münaqişənin həllində dövlət orqanları ilə yanaşı ictimai təşkilatlar da yaxından iştirak etməli, respublika daxilində, eləcə də kənarda Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında bütün qüvvələr səfərbərliyə alınmalıdır.
Sonda iştirakçılar respublikamızda fəaliyyət göstərən qadın təşkilatlarına müraciət qəbul etmişlər.