“Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 11 fevral - “Qadın və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli çıxış edərək Azərbaycanda gənc qızların təhsilə cəlb olunma tarixindən, dünya elmində ilklərə imza atan qadınlardan, elm və təhsil sahələrində qadınların mühüm rolundan məlumat verib.
Sonra Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Arzu Quliyeva Zoologiya İnstitutunun elmlər doktorları olan qadınların nailiyyətləri barədə məruzə ilə çıxış edib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Elyanə Tahirova gənc alimlərə zoologiya elmində böyük nailiyyətlər əldə etmiş qadın alimlərimizi özlərinə nümunə götürməyi, onların yolunu izləməyi və respublikamızın gənc qadın alimlərinin və əsl Azərbaycan xanımlarının timsalında cəsur olmağı, elm yolunda aktiv iştirak etməyi tövsiyə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Quru onurğasızları laboratoriyasının müdiri vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə elm sahəsindəki çətinliklərə baxmayaraq, gənc tədqiqatçıların elmə maraq göstərmələrini alqışlayıb və onların gələcək elmi nailiyyətlərində uğurlar qazanacaqlarına böyük ümidlər bəslədiyini vurğulayıb.