“QAFQAZ KUBOKU”NU AZƏRBAYCAN İDMANÇISI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Tbilisidə “Qafqaz Kuboku” uğrunda konkur üzrə Qran-Pri turniri keçirilmişdir. Yarışlarda atçılıq idmanı üzrə Gürcüstanın 5 komandası ilə yanaşı, Azərbaycanın Dövlət Sərhəd Xidməti və “Günay” Atçılıq Təsərrüfatının komandaları iştirak etmişlər.
Konkur yarışlarının birinci günü hündürlük 115-120 santimetr olmaqla iki gitdən ibarət olmuşdur. Turnirin ilk günündə gərgin keçən mübarizədə hər üç yeri “Günay” Atçılıq Təsərrüfatının idmançıları tutmuşlar.
Növbəti gün turnir maneələri hər dəfə cərimə xalsız aşan idmançılar üçün hündürlük 10 santimetr artırılmaqla davam etdirilmişdir. Bu gitdə də yüksək ustalıq nümayiş etdirən “Günay” klubunun idmançıları rəqiblərinə şans verməmişlər. 160 santimetrədək hündürlükdə maneələri cərimə xalsız keçən Seyid Musayev və Ramiz Rzayev birinci və ikinci yerləri bölüşmüşlər. Həmin yarışda üçüncü yer də Seyid Musayevə nəsib olmuşdur.
Turnirin sonuncu günü keçirilən “Qafqaz Kuboku” uğrunda Qran-Pri yarışları iki gitdən ibarət olmaqla, maneələr 125-130 santimetr hündürlükdə qurulmuşdur. Hər iki giti cərimə xalsız keçən Azərbaycan idmançısı - “Günay” Atçılıq Təsərrüfatı komandasının 19 yaşlı üzvü Orxan Cəfərov “Qafqaz Kuboku”na sahib olmuşdur. Bu git üzrə ikinci yeri isə “Günay” klubunun digər təmsilçisi Seyid Musayev tutmuşdur. Gürcüstan idmançısına isə yalnız III yer nəsib olmuşdur.
Ümumiyyətlə, 3 gün davam edən turnirdə 9 medaldan 8-ni Azərbaycanın “Günay” Atçılıq Təsərrüfatının idmançıları qazanmışlar.
Cavan atların iştirak etdiyi turnirdə isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin idmançısı üçüncü yeri tutmuşdur.