CƏMİYYƏT
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ RUSİYANIN VƏ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 6 iyul (AZƏRTAC). İyulun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ), şeyxülislam hacı Allahşükür Paşazadə Rusiyanın və Türkiyənin Azərbaycandakı səfirləri Vladimir Doroxin və Hülusi Kılıç ilə ayrı-ayrılıqda görüşmüşdür.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfir V.Doroxin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını yetirmiş və dövlət başçısının bilavasitə tapşırığı ilə QMİ sədri ilə görüşdüyünü diqqətə çatdırmışdır.
Prezident Dmitri Medvedevin şeyxülislam hacı Allahşükür Paşazadənin dinlərarası və millətlərarası dialoqa verdiyi töhfələri, dini liderlərin səmərəli əməkdaşlığı sahəsində səylərini olduqca yüksək dəyərləndirdiyini vurğulayan səfir Bakı sammitinin uğurla nəticələnməsi münasibətilə Rusiyanın dövlət başçısının təbriklərini QMİ-nin sədrinə çatdırmışdır.
Diplomat bildirmişdir ki, Prezident Dmitri Medvedev şeyxülislamın Rusiya və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha yüksək səviyyədə bərqərar olunması, xüsusən Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi sahəsində xidmətlərini yüksək dəyərləndirir. Səfir Rusiya dövləti başçısının Bakı sammiti çərçivəsində keçirilmiş Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünə yüksək qiymət verdiyini seyxülislam Allahşükür Paşazadənin diqqətinə çatdırmışdır.
Şeyxülislamın Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç ilə görüşündə isə Azərbaycan və Türkiyə arasında dini-mənəvi əlaqələrin daha da yüksəldilməsi perspektivləri müzakirə olunmuşdur.