QAFQAZDA YENİ DALĞA
Gürcülərin “qızılgüllər inqilabından” ruhlanan ermənilər də rejimin dəyişdirilməsini tələb edirlər. Son günlər Yerevanın Azadlıq meydanında izdihamlı dinc nümayişlər keçirilir. Hökumət yüzlərlə adamı həbs etmişdir və nümayişçilərin Prezident sarayına doğru hərəkət edəcəyi təqdirdə güc işlətməklə hədələyir. Qan tökülməsinə yol verməmək üçün beynəlxalq müşahidəçilərin nəzarəti altında referendum keçirmək və əksəriyyətin prezident Robert Koçaryanın istefasını istəyib-istəmədiyini müəyyənləşdirmək lazımdır.
Ermənistanda çoxları Koçaryanın korrupsiyaya qurşanmış və səriştəsiz hökumətinin əleyhinədir. Süstlük hiddətə çevrilmişdir, xüsusən də imkansızlıqdan narazı olan gənc ermənilər arasında. Gənc nəslin nümayəndələri yoxsul və təcrid olunmuş ölkədən baş götürüb köçməyə çalışırlar. 1989-cu ildə Ermənistanın əhalisi 3,5 milyon nəfər idi, indi təxminən 2 milyon nəfəri qalmışdır.
Koçaryan 1998-cı ildə Prezident Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdığı vaxtdan bəri Ermənistan böhran içindədir. Onun ən pis məqamı 1999-cu il oktyabrın 27-də olmuşdur, o vaxt başlarına maska geymiş silahlı adamlar Milli Məclisin binasına soxularaq, baş naziri və parlamentin sədrini öldürdülər. Səriştəsiz aparılan təhqiqat ermənilərin bir çoxunu məyus etdi və Koçaryanın ünvanına ittihamlar doğurdu, onu qatillərlə əlaqəyə girməkdə təqsirləndirdilər.
Güllələnmiş parlament sədrinin oğlu Stepan Dəmirçyan və baş nazirin qardaşı Armen Sarkisyan seçkilərdə haqq-ədaləti bərpa etməyə çalışırdılar. Beynəlxalq müşahidəçilər hökuməti 2003-cü ilin fevralında keçirilən prezident seçkilərində nəticələri saxtalaşdırmaqda təqsirləndirsə də, bu, müxalifətə kömək etmədi, çünki hökumət müşahidəçilərin bəyanatlarını qulaqardına vurdu və istefaya getməkdən imtina etdi.
İndiki nümayişlər üçün aşkar səbəb yox idi. Ermənistanın susmaqla etiraz bildirmək ənənəsi var, amma bu dəfə ermənilər Koçaryanı mafioz dövlət yaratmaqda ucadan suçlayır və dəyişikliklər aparılmasını tələb edirlər.
İqtidarın yüksəkvəzifəli nümayəndəsi həqarətli bir tərzdə müxalifəti Azərbaycanın yeni Prezidenti İlham Əliyevin getdikcə daha qətiyyətli olduğu bir vaxtda Ermənistanın təhlükəsizliyini sarsıtmaqda ittiham etmişdir.
SSRİ-nin süqutundan sonra müstəqilliyə qovuşan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üstündə gedən qanlı müharibədə Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Bu qırğında on minlərlə insan həlak oldu, bir milyon azərbaycanlı isə öz ev-eşiyindən didərgin salındı. 1994-cü ildə tərəflər atəşkəsə nail olduqdan sonra qan tökülməsi dayandırıldı.
Azərbaycanla müharibə ermənilərə baha başa gəldi. Türkiyə öz etnik qardaşları ilə həmrəylik əlaməti olaraq, Ermənistana qarşı embarqo qoydu, Türkiyə-Ermənistan sərhədinin açılmasını işğal edilmiş ərazilərin qaytarılması ilə şərtləndirdi.
Məntiqə görə, Azərbaycan və Qazaxıstandan neft və qazın nəqli yolu Ermənistandan keçməli idi, lakin 3,2 milyard dollar dəyərində Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstandan keçir.
Koçaryan diqqəti Ermənistanın daxili problemlərindən yayındırmaq üçün Azərbaycan Prezidentinin çıxışlarına hədə-qorxularla cavab verə bilər. Ermənistanı münaqişə vəziyyətində saxlayan Koçaryan təhlükəsizlik problemindən və əhalinin vahiməsindən öz siyasi məqsədləri üçün uğurla istifadə edir.
Ermənistanın yoxsulluğu və təklənməsi müəyyən dərəcədə Türkiyə ilə sərhədin bağlanmasından irəli gəlir. Mən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğandan Türkiyənin də, Ermənistanın da maraqlı olduğu sərhədin açılması barədə soruşduqda o dedi: “Mən ticarət əlaqələrinə müsbət yanaşıram. Amma Ermənistan əvvəlcə öz niyyətlərini açıq şəkildə bəyan etməlidir”.
Türkiyə lideri Ərdoğan Koçaryanın Ermənistanın Şərqi Türkiyə ərazisinə iddiasının olmadığı barədə bəyanat verməkdən imtina etməsini nəzərdə tutur.
Şərqi Avropada və keçmiş sovet respublikalarında islahatları ardıcıl dəstəkləyən ABŞ demokratiyaya çətin keçidin növbəti mərhələsinin gerçəkləşdirilməsində Ermənistana kömək göstərməlidir. Buş hökumətinin Ermənistana güclü təsiri var, Ermənistan adambaşına götürdükdə, ABŞ-dan ən çox yardım alan ölkədir. Vaşinqton Azadlıq meydanında nümayişlərin iştirakçılarına qarşı zorakılığa dözməyəcəyini anladaraq, üç ay ərzində referendum keçirilməsi barədə hökumətlə müxalifət arasında saziş əldə olunmasına kömək edə bilər.
Ermənistanın demokratik inkişafındakı tərəqqi Qarabağa dair sülh danışıqlarına yenidən başlanmasına kömək edə, Ankaranı sərhədi açmağa sövq edər, Rusiya və İranın Cənubu Qafqazda nüfuzunu zəiflədə bilər. Bu tərəqqi Ermənistan xalqına sabaha nikbin baxmağa və daha yaxşı gələcək qurmağa imkan verər.