“Qan ver, həyat xilas et!” – Gənclər və İdman Nazirliyindən xeyirxah addım
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Biznes Mərkəzində təşkil olunan aksiyada Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada 500-ə yaxın donor qan verib.
Aksiya, eyni zamanda, Mərkəzi Qan Bankının region bölmələrində (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba, Sumqayıt və Lənkəran) keçirilib.