QANLI YANVAR FACİƏSİNİN QURBANLARI RUMINİYADA ANILMIŞLAR
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini əks etdirən geniş məlumat toplusu hazırlanaraq bu ölkədə fəaliyyət göstərən bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, nazirlik və digər dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına paylanmışdır.
Rumıniya televiziyasında “Günün hadisəsi” verilişində 20 Yanvar faciəsi haqqında geniş məlumat, radioda səfirlik əməkdaşı ilə müsahibə verilmiş, “Səhər” qəzetində azərbaycanlı doktorant Fəxri Kərimlinin “Azərbaycanda Qanlı Yanvar” məqaləsi dərc etdirilmişdir.
Bütün bu materiallarda sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik aktı, öz konstitusion hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən oğullarının vəhşicəsinə gülləbaran edildiyi, 130-dan artıq insanın qətlə yetirildiyi, 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığı diqqətə çatdırılmışdır. Həmin hadisələrə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi, cinayətkarların adlarının ictimaiyyətə açıqlandığı xüsusi vurğulanmışdır.
Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının təşkilatçılığı ilə matəm tədbiri keçirilmişdir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan İş Adamları Birliyi, Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatası, Türk İş Adamları Dərnəyi, Türkiyə Yatırımçılar Birliyi, türk-tatar icması nümayəndələrinin, İran azərbaycanlılarının, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların, KİV təmsilçilərinin, səfirliyin əməkdaşlarının iştirak etdiyi tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbir iştirakçıları Qanlı Yanvar hadisələrini əks etdirən fotoguşə ilə tanış olmuşlar.