Qanun və qaydalara, ilk növbədə, dövlət məmurları, ziyalılar, deputatlar əməl etməlidirlər
Bakı, 23 avqust, AZƏRTAC
Ölkədə koronavirusa yoluxma sayı azalsa da, müəyyən məhdudlaşdırıcı tədbirlər hələ də qüvvədədir. Bu məhdudlaşdırıcı tədbirlər sırasında kütləvi mərasimlərin təşkili birinci yerdədir. Təsadüfi deyil ki, Məhərrəmlik ayı olmasına baxmayaraq, Aşura mərasimlərinin keçirilməsi üçün məscidlərin açılmaması qərarı qüvvədə saxlanılıb. Dinin dövlət siyasəti səviyyəsində olduğu və dövləti din xadimlərinin idarə etdiyi İran kimi ölkədə belə Aşura mərasimlərinin məscidlərdə keçirilməsi qadağan edilib və məscidlər açılmayıb. COVID-19 pandemiyasının qarşısının alınması üçün kütləvi tədbirlərin qadağan olunması vacibdir. Toy, yas mərasimləri pandemiyaya yoluxma üçün münbit şərait yarada bilər. Ona görə də Operativ Qərargahın belə tədbirlərin keçirilməməsi haqqında qəbul etdiyi qərara hamı qeyd-şərtsiz əməl etməlidir. Artıq bir neçə gündür ki, ölkədə böyük rezonans doğuran toy mərasiminə görə təşkilatçıların cəzalanması müsbət haldır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Sabiq deputatın bağ evində keçirdiyi toy mərasimində bir sıra yüksək vəzifəli sabiq və indiki məmurların iştirakının təəssüfedici olduğunu bildirən Malik Həsənov qeyd edib: “Çünki dövlətin qəbul etdiyi qərarların mütləq şəkildə icra olunmasının vacibliyini onlar daha yaxşı bilirlər. Qanunun kobud surətdə pozulmasına görə onlar mənəvi məsuliyyət də daşıyırlar. Bu toy mərasimi cəmiyyətdə ona görə bu qədər böyük səs-küyə, geniş müzakirələrə səbəb olub ki, orada akademiklər, ziyalılar, bəzi sabiq və hazırkı məmurlar iştirak ediblər. Bu, yolverilməzdir və cəmiyyətdə haqlı narazılıq yaradır. Qanunları pozan şəxslərin dərhal və ən sərt şəkildə cəzalandırılması vacib idi. Qanun və qaydalara, ilk növbədə, dövlət məmurları, ziyalılar, Milli Məclisin deputatları əməl etməlidirlər. Qanun qarşısında hər kəs bərabərdir”.