“Qara Yanvar dialoqu” kitabının təqdimatı olub
Bakı, 15 yanvar, Samirə Allahverdiyeva, AZƏRTAC
Yanvarın 15-də Beynəlxalq Mətbuat Mərkəzində 1990-cı ilin qanlı 20 Yanvar hadisələrinə həsr olunmuş “Qara Yanvar dialoqu” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdimatda çıxış edərək, 25 il əvvəl Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevrilən Ümumxalq Hüzn Günündən söz açıb. O bildirib ki, ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli varisi Prezident İlham Əliyevin başçılıq etdiyi müstəqil Azərbaycan dövləti 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələrin qurbanlarının xatirəsinə həssaslıqla yanaşır.
Kitaba “Səhər” qəzetinin yaradıcı və texniki qrupuna rəhbərlik etmiş Məzahir Süleymanzadə və Şakir Yaqubovun dialoqu daxil edilib. Həmin material o vaxtlar mövcud informasiya blokadasını yarmaq üçün 20 Yanvar hadisələrindən dərhal sonra mətbuat üçün hazırlanıb.
Kitabda indiyə qədər heç yerdə çap olunmayan rəsmi sənədlərdən və materiallardan da istifadə olunub.
Kitabın məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı, redaktoru Əməkdar Jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovdur.
192 səhifəlik kitab 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.