Qarabağ Universitetinin tələbələri və media nümayəndələri Nəsimi Rayon Prokurorluğunda olublar
Bakı, 23 may, Göyçək Mahmudlu, AZƏRTAC
Mayın 23-də Qarabağ Universitetində hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə Nəsimi Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib.
Tədbir hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrin prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktiki müstəvidə genişləndirmək və cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maarifləndirməni artırmaq məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon prokuroru Həsən Hənifəyev belə təşəbbüslərin hüquqşünas gənclərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, rayon prokurorluğunun fəaliyyəti, səlahiyyətləri və gündəlik iş prinsipləri ilə bağlı geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və cinayət təqibi fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. O həmçinin vurğulayıb ki, prokurorluq orqanlarında aparılan islahatların mərkəzində şəffaflıq, aşkarlıq və vətəndaş məmnunluğunun təmin olunması dayanır.
Tədbirdə digər prokurorluq əməkdaşları da çıxış edib, təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.
Daha sonra iştirakçılar kriminalistik avadanlıqlarla tanış olub, onların istintaq prosesində tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
Sonda iştirakçılar Nəsimi Rayon Prokurorluğunun inzibati binası ilə tanış olub, onlara iş şəraiti və praktiki fəaliyyət barədə məlumat verilib.