ELM VƏ TƏHSİL
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans
Bakı, 18 sentyabr, AZƏRTAC
Botanika İnstitutunda Elm və Təhsil Nazirliyi, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə COP29-a həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları” adlı beynəlxalq konfrans keçirilib. Tədbirin açılış mərasimində Çin Elmlər Akademiyasının Sincan, Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Zhang Yuanminq, habelə alimlər və mütəxəssislər iştirak ediblər.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları elmi müəssisənin əməkdaşlarının nailiyyətlərini əks etdirən sərgiyə baxıblar, Herbari Fondunda yerli və xarici floraya aid nümunələrin saxlanılma şəraiti ilə tanış olublar.
Tədbirdə çıxış edən Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva bildirib ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərinin həlli üzrə beynəlxalq təcrübəni bölüşməkdir. Həmçinin Botanika İnstitutunun əməkdaşları tərəfindən Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərində aparılan tədqiqatlar haqqında əldə olunan nəticələri geniş auditoriyanın diqqətinə çatdırmaq və müzakirə etməkdir.
S.İbadullayeva “Qarabağın dünəni, bu günü və sabahı” mövzusunda çıxış edərək bölgədə aparılan monitorinq və çöl-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Məruzəçi həmin ərazilərə dəymiş ziyanın qiymətləndirilməsinə aydınlıq gətirib.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov çıxışında beynəlxalq konfransın təşkilini COP29-a gedən yolda müəyyən edilmiş hədəflərə nail olmaq üçün həyata keçirilən təşəbbüslərdən biri kimi qiymətləndirib.
Beynəlxalq konfransın plenar hissəsində yerli və xarici alimlərin təqdimatında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans çərçivəsində gələcəkdə Botanika Bağları ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.
Sonda konfransın bəyannaməsi hazırlanıb və iştirakçılara sertifikatlar təqdim olunub.