Qaraburc və Şəhriyar kəndlərində kompleks quruculuq işləri görülür
Şərur, 17 sentyabr, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun Qaraburc və Şəhriyar kəndlərində kompleks quruculuq işləri görülür, yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri tikilir, məktəb binaları yenidən qurulur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Qaraburc kəndində əsaslı şəkildə yenidən qurulan məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. 120 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kitabxana, bufet, idman zalı, açıq idman qurğuları və ixtisaslaşmış fənn kabinələri fəaliyyət göstərəcək.
Kənd məntəqəsində isə feldşer-mama məntəqəsi, inzibati ərzi dairəsi üzrə nümayəndəlik, rabitə evi və digər dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılacaq.
Yeni tikilən xidmət mərkəzində də sakinlərə müxtəlif xidmətlər göstərilməsi nəzərdə tutulub.
Rayonun Şəhriyar kəndində yerləşən 224 şagird yerlik tam orta və musiqi məktəblərinin binaları yenidən qurulur. Burada kənd və xidmət mərkəzləri də inşa olunur. Hər iki obyektdə sakinlərin rahatlığına xidmət edəcək şərait yaradılacaq.
Qeyd edək ki, quruculuq tədbirləri çərçivəsində kəndin yolu da əsaslı şəkildə yenidən qurulacaq.