Qaradağ rayonunda daş karxanası işçisinin ölməsi ilə bağlı istintaq hərəkətləri davam etdirilir
Bakı, 10 mart, AZƏRTAC
Martın 6-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçasının hündürlükdən yuvarlanaraq yaxınlıqdakı işçi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşdüyü və nəticədə onun hadisə yerində öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.