Qaradağda Zəfər Günü münasibətilə 900-dən çox müxtəlif növ ağac əkilib
Bakı, 8 noyabr, AZƏRTAC
Qaradağ rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 8-ci kilometrliyində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun ağacəkmə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 8 noyabr tarixi müstəqil Azərbaycanın müasir tarixində artıq Zəfər, Qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı Vətən müharibəsi 10 noyabr tarixində Azərbaycanın Qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 30 illik xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük Qələbə əldə edildi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.
İctimaiyyət nümayəndələri ümumilikdə 900-dən çox müxtəlif növ ağac əkiblər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.